Bazarda şəffaf fəaliyyət göstərən şirkətlərin sayının artması kapital bazarının genişlənməsinə şərait yaradacaq - ŞƏRH
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycanın gələcəkdə regional maliyyə mərkəzinə çevrilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və maliyyə sektorunda liberallaşmanın genişləndirilməsi vacib şərtlərdəndir.
Bu fikirləri maliyyə bazarları üzrə ekspert Azər Balamedov AZƏRTAC-a açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, xarici bankların, sığorta, investisiya və digər maliyyə institutlarının Azərbaycan bazarına daxil olması üçün əlverişli mühit formalaşdırılmalı, bu proseslər müasir qanunvericilik çərçivəsində tənzimlənməlidir.
Ekspert qeyd edib ki, regional maliyyə mərkəzinin formalaşdırılması istiqamətində əsas prioritetlərdən biri Bakı Fond Birjasının (BFB) fəaliyyətinin daha da canlandırılmasıdır.
“BFB-nin 25 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, əhalinin böyük hissəsi onun təqdim etdiyi investisiya imkanları barədə kifayət qədər məlumatlı deyil. Fond bazarının inkişafı, xarici maliyyə institutlarının ölkəyə cəlb edilməsi bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Bazarda şəffaf fəaliyyət göstərən şirkətlərin sayının artması onların qiymətli kağızlarının investorlara təqdim olunmasına və kapital bazarının genişlənməsinə şərait yaradacaq. Hazırda SOCAR, “AzerGold” QSC və Azərbaycan Beynəlxalq Bankı (ABB) kimi qurumlar istiqraz emissiyası həyata keçirirlər. Dövlət iştirakının yüksək olduğu və korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərən şirkətlərin istiqraz bazarında iştirak imkanları daha genişdir. Səhm bazarının inkişafı üçün də maliyyə hesabatlılığı şəffaf olan və korporativ idarəetmə standartlarına əməl edən şirkətlərin sayının artırılması vacibdir. Bu, vətəndaşların səhmlərə investisiya etməsi və kapital bazarında iştirak imkanlarının genişlənməsi baxımından mühüm rol oynayacaq”, - deyə ekspert qeyd edib.
Azər Balamedov əlavə edib ki, istiqrazlar nisbətən aşağı riskli investisiya aləti hesab olunsa da, səhmlər daha yüksək risk daşıyır: “Buna görə də səhm bazarının fəaliyyəti daha fərqli hüquqi və tənzimləyici mexanizmlərlə idarə olunur”.