BBMM-in şöbə müdiri: Sivilizasiyalararası dialoq tolerantlığın və multikulturalizmin inkişafına təkan verir
Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları martın 15-də Qubada “Sivilizasiyaların toqquşması, yoxsa dialoqu?” mövzusunda məruzə dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məruzəni BBMM-in Layihələr şöbəsinin müdiri İrina Kunina söyləyib. Bildirib ki, hazırda dünya birliyində dialoq qlobal problemlərin həlli yoludur. Bu gün mədəniyyətlərin dialoqu anlayışı mühüm məna kəsb edir. Sivilizasiyalararası dialoq dünyada tolerantlığın və multikulturalizmin inkişafına təkan verir. Çünki məhz dialoq dünya xalqlarının yaxınlaşması və qarşılıqlı olaraq bir-birini tanıması üçün şərait yaradır.
Məruzəçi diqqətə çatdırıb ki, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların kəsişdiyi mühüm mərkəz deyil, həmçinin siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkana çevrilib.
Qış məktəbinin iştirakçıları bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olacaqlar. Günün sonunda təşkil olunacaq qala gecəsində isə qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim ediləcək.
Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.