BDU-da “İnformasiya resurslarının təbliğində kitabxana saytlarının rolu” mövzusunda müzakirələr aparılıb
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “İnformasiya resurslarının təbliğində kitabxana saytlarının rolu” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Ləman Eyyubova mövzu ilə bağlı məruzə edib. L.Eyyubova informasiya, resurs anlayışlarını şərh edib, informasiya texnologiyalarının inkişaf tarixinə nəzər salıb.
Qeyd olunub ki, XXI əsrdə kitabxana işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ən mühüm mərhələyə gəlib çatıb. “Kitabxanaların fəaliyyətində yeni idarəetmə formalarının və innovativ yanaşmaların tətbiqi informasiya əsrinin əsas çağırışları hesab olunur. Ona görə də müasir dövrdə kitabxana-informasiya fəaliyyəti sahəsində PR texnologiyalarından səmərəli istifadə günün mühüm tələbi kimi ortaya çıxır”, - deyə L.Eyyubova qeyd edib.
Kitabxanaların ictimaiyyətlə münasibətlərinin formalaşmasında, innovativ PR texnologiyalarının tətbiqində kitabxana saytlarının mühüm rola malik olduğunu deyən tədqiqatçı vurğulayıb ki, bütün bunlar kitabxanaların xidmət səviyyəsinin təkmilləşməsi və eyni zamanda, hazırlıqlı oxucu kütləsinin formalaşması ilə nəticələnir. Kitabxana saytlarının elektron resursların oxucuya çatdırılmasında ən yaxşı vasitə olduğunu qeyd edən məruzəçi qeyd edib ki, saytlar oxucu ilə kitabxana arasındakı zaman və məkan maneələrini birmənalı olaraq aradan qaldırır.
L.Eyyubova ölkə kitabxanalarının saytlarını tədqiqata cəlb edib, onlar arasında müqayisəli təhlillər aparıb, həmçinin bu sahədə mövcud olan beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıb.
Sonra müzakirələr aparılıb.