BDU: Mədəniyyət-yaradıcılıq mərkəzində ilk ədəbi-bədii tədbir
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) yeni yaradılan Mədəniyyət-yaradıcılıq mərkəzində ilk ədəbi-bədii tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mədəniyyət-yaradıcılıq mərkəzinin direktoru Nailə Mirməmmədli tələbələrin sosial fəallığının artırılması, ictimai fəaliyyətinin stimullaşdırılması üçün səmərəli çalışacağını deyib və onları mərkəzin işində yaxından iştirak etməyə çağırıb. “Azərbaycanın flaqman ali məktəbi sayılan Bakı Dövlət Universitetində Mədəniyyət-yaradıcılıq mərkəzinin açılışı təhsil və mədəniyyət sahəsində vacib hadisədir. Mərkəz Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin, onun tarixi və ədəbiyyatının təbliği üçün əlverişli platforma olacaq”, - deyə direktor bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Tələbələrin iştirakı ilə milli rəqslər və musiqi nömrələri ifa olunub.
Mədəniyyət-yaradıcılıq mərkəzi “Qabiliyyətlə qalibiyyət qazanaq” müsabiqəsinin keçirilməsini planlaşdırır. Müsabiqənin keçirilməsində məqsəd yaradıcı gənclərin potensialını aşkara çıxarmaq, onları mərkəzə cəlb etmək, tələbə ssenariləri əsasında bədii kompozisiyalar, komediya və dramların səhnələşdirilməsidir.