ELM VƏ TƏHSİL
BDU-nun Biologiya fakültəsində şəhidlərin xatirəsi anılıb


Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültənin dekanı Afət Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazandığını və bu Qələbənin qəhrəmanlıq səhifəsi kimi tariximizə yazıldığını bildirib. Vurğulayıb ki, Vətən müharibəsi bizim milli birliyimizi, milli həmrəyliyimizi, Ordumuzun qüdrətini bir daha göstərdi.
A.Məmmədova torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını söyləyib.
Sonra Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə həsr edilmiş videoçarx nümayiş olunub.