BDU-nun magistrantı Nuray Fərzəliyeva : Mədəniyyət hüququ sahəsində peşəkar kadrların hazırlanması dövrün tələbidir
Bakı, 8 iyul, AZƏRTAC
Mədəniyyətin idarə edilməsi müasir dövlətçiliyin ən çoxşaxəli və həssas sahələrindən biridir. Tarixi inkişaf yolu keçmiş bu anlayış artıq yalnız mənəvi dəyər və irs kimi deyil, həm də dövlət siyasəti, milli kimlik, sosial inkişaf, turizm, yaradıcı sənaye və beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi çıxış edir. Sahənin bu cür geniş miqyası isə onun idarə olunmasını xüsusilə kompleks və çoxsəviyyəli bir məsələyə çevirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) magistrantı Nuray Fərzəliyeva deyib.
Qeyd edək ki, o, 2024–2025-ci tədris ilində BDU-nun hüquq fakültəsində ilk dəfə açılmış "Mədəniyyət hüququ" ixtisaslaşmasına qəbul olunub və bu il həmin ixtisası əla qiymətlərlə başa vurub. Onun magistr dissertasiyası “Mədəniyyət sahəsində idarəetmənin hüquqi və təcrübi problemləri” mövzusuna həsr edilib.
Nuray Fərzəliyeva bildirib ki, tədqiqat mövzusunu seçərkən Azərbaycanın zəngin mədəni irsinin hüquqi baxımdan qorunması və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O qeyd edib ki, Azərbaycanda mədəniyyətin inkişaf mərhələləri yazılı qaynaqlar, maddi-mənəvi mədəniyyət nümunələri və dövlət sənədlərində öz geniş əksini tapıb. Muğam sənəti, aşıq ənənəsi, xalçaçılıq, Novruz bayramı və memarlıq abidələri kimi milli mədəniyyət nümunələri Azərbaycan xalqının dünyanın ən qədim sivilizasiyalarından birinin varisi olduğunu sübut edir. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanda mədəniyyət hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli amillərindən biri kimi dəyərləndirilib.
Onun sözlərinə görə, Azərbaycanın zəngin mədəni ənənələri dövlət müstəqilliyi bərpa edildikdən sonra mədəniyyətin müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlara yol açıb. Bu sahə dövlətin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış etməyə başlayıb. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında mədəniyyət sahəsindəki hüquqlar konstitusion səviyyədə təsbit edilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında mədəniyyət sahəsinin hüquqi-normativ bazasının yaradılması sürətlənib: "Mədəniyyət haqqında", "Kinematoqrafiya haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlar qəbul edilib, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.
Nuray Fərzəliyeva diqqətə çatdırıb ki, bütün bunlarla yanaşı, mədəniyyətin dövlət idarəçiliyinin ayrılmaz hissəsi kimi möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bu istiqamətdə əhəmiyyətli addımlardan biri 2026-cı il yanvarın 14-də ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi olub. Həmin sənəd mədəniyyət siyasətinin uzunmüddətli strateji istiqamətlərini müəyyən edən əsas proqram sənədi olmaqla, Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs sahələrini əhatə edir.
“Mədəniyyət sahəsində idarəetmənin hüquqi və təcrübi problemləri” mövzusunda apardığım tədqiqatın əsas məqsədi bu sahədəki hüquqi-normativ çərçivənin, institusional mexanizmlərin və praktiki çətinliklərin araşdırılması, həmçinin beynəlxalq təcrübə əsasında onların həlli yollarına dair təkliflərin işlənib hazırlanması idi. Tədqiqat zamanı beynəlxalq normalar və müqayisəli hüquq mexanizmləri ilə qarşılıqlı əlaqədə Azərbaycan qanunvericiliyinin xüsusiyyətlərini nəzəri və praktiki baxımdan təhlil etdim. Hesab edirəm ki, bu aktual mövzu və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldim.
Bu gün bizim ixtisasdan olan ilk 5 magistrantın diplom müdafiəsi keçirildi. Çox sevinirəm ki, qazandığımız biliklərdən istifadə edərək ölkəmizin mədəniyyət sahəsinə dəyərli töhfələr verəcəyik. Çünki hazırda ölkəmizdə mədəniyyət üzrə ixtisaslaşmış hüquqşünas çatışmazlığı mövcuddur”, – deyə magistrant bildirib.