BƏƏ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi XX əsrin ən dəhşətli faciəsi kimi tarixə yazılmış Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı Dubaydakı “Emirates Concord” hotelində anma mərasimi keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə bu ölkədə yaşayan Azərbaycan icması nümayəndələrinin, azərbaycanlı tələbələrin, respublikamızın Müdafiə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərindəki universitetində ərəb dili kurslarında təhsil alan əməkdaşları, Azərbaycan Beynəlxalq Bankının Dubayda fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri, Dubay şəhərində nəşr olunan “İrs-naslediye” və “Aviamost” jurnallarının baş redaktorları iştirak etmişlər.
Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərinin büsbütün məhv edilərək insanlığa silinməz ləkə olan əsl soyqırımı aktının törədildiyi bildirilmişdir. Soyqırımı aktı nəticəsində vətəndaşlarımızın öldürüldüyü, yaralandığı, girov götürülərək zorakılığa məruz qaldıqları, respublikamıza dəymiş maddi zərərin həcmi barədə ətraflı məlumat məlumat verilmişdir.
Mərasimdə Xocalı faciəsinə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildiyi qeyd edilmişdir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, torpaqlarımızın sülh yolu ilə azad olunmazsa, müharibə yolu ilə geri qaytarılmasının xalqımızın təbii, ayrılmaz və konstitusion hüququ olduğu da vurğulanmışdır.
Mərasimdə faciəni əks etdirən sənədli film nümayiş etdirilmiş, “Xocalı uşaqların gözü” ilə kampaniyası çərçivəsində hazırlanmış rəsm əsərlərindən ibarət stend təşkil olunmuş, “Xocalı faciəsi”, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənmişdir.
######
