BƏƏ mətbuatında Azərbaycanın maraqlı turizm məkanı olduğu barədə məqalə dərc edilib
Əbu-Dabi, 25 aprel, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə bu ölkənin nüfuzlu “mebusiness.ae” internet portalında “Bakı Xəzər dənizinin sahilindəki turizm möcüzəsi... Ən gözəl şəhərlər taxtında əyləşmək üçün zamanı qabaqlayan küləklər şəhəri” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olmuş müəllif, “İris Media” mətbuat evinin baş direktoru Camal əl-Məcayda şəhərdə tam bir həftə qaldığını, Bakıya valeh olduğunu qeyd edərək, yerli əhali arasında paytaxtımızın küləklər şəhəri adlandırıldığını oxucularının diqqətinə çatdırıb.
Qafqaz şəhərləri arasında Bakının ən böyük və ən gözəl şəhər olduğunu bildirən müəllif tarixi və memarlıq üslubu ilə şəhərin hər bir turisti valeh etdiyini qeyd edib. UNESCO-nun Dünya İrs Siyahısına salınmış İçərişəhərin məftunedici divarları, dizaynı, arxitekturasından danışıb.
“Baku Crystal Hall”, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Atəşgah və sair görməli və gəzməli yerlər barədə məlumat verən müəllif odlar diyarı Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu və şəhərin mərkəzində yerləşən alov qüllələrinin Bakıya xüsusi gözəllik verdiyini vurğulayıb.
Müəllif parislilərin Eyfeli sevdiyi qədər azərbaycanlıların da Qız qalasını sevdiyini qeyd edib, 28 metrlik qalanın zirvəsindən paytaxtımızın ecazkar panoramasını müşahidə etdiyini diqqətə çatdırıb.
Müəllif Azərbaycanın zəngin mətbəxindən, milli geyim və məşhur əl xalçalarından danışaraq, Şirvanşahlar sarayından söhbət açıb.
Sonda Heydər Əliyev Mərkəzi, Qobustan və Atəşgah barədə oxucularını məlumatlandıran müəllif sözün əsl mənasında Azərbaycana valeh olduğunu və yenidən bura gəlmək arzusunu dilə gətirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi