BELARUSDA BEYNƏLXALQ GƏNCLİK DÜŞƏRGƏSİ TƏŞKİL EDİLƏCƏK
Minsk, 24 aprel (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin müşaviri Mariya Qutsalo bildirmişdir ki, mayın 11-dən iyunun 19-dək Belarusun “Zubryonok” Milli Uşaq Sağlamlıq Düşərgəsinin bazasında Beynəlxalq gənclik düşərgəsi təşkil ediləcəkdir. MDB ölkələrinin Gənclərlə İş Şurasının qərarına müvafiq olaraq təşkil ediləcək düşərgənin təsisçiləri Belarus Təhsil Nazirliyi və Birlik ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur.
Aksiya gənclərin beynəlxalq əməkdaşlığının inkişafı üçün şəraitin yaradılmasına, gənclərin Birlik ölkələrində dövlət gənclər siyasətinin həyata keçirilməsi barədə məlumatlandırılmasına, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə, gənclərin Birlik dövlətləri barədə təsəvvürünün genişlənməsinə yönəlmişdir. Düşərgədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistandan yeniyetmələr iştirak edəcəklər.
Düşərgə iki növbədə təşkil ediləcəkdir. Mayın 11-dən 28-dək davam edəcək “Lider məktəbi” adlı birinci növbədə ictimai birliklərin, gənclərlə iş üzrə dövlət qurumlarının və Gənc Alimlər Şurasının üzvləri, “Lider” müsabiqəsinin qalibləri iştirak edəcəklər. İkinci növbədə “Sərhədsiz dostluq” beynəlxalq forumu keçiriləcəkdir. Foruma uşaq birliklərinin və təşkilatlarının liderləri, məktəb özünüidarəetməsinin üzvləri dəvət edilmişlər.
Beynəlxalq düşərgənin proqramında MDB İcraiyyə Komitəsinin rəhbərliyi, gənclərlə iş üzrə milli dövlət qurumlarının rəhbərləri, tanınmış siyasətçilər və alimlərlə görüşlər nəzərdə tutulmuşdur. Birlik ölkələrindən təcrübəli mütəxəssislər məşqçi qismində dəvət ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk