Belarusda “Erməni işğalının nəticələri” mövzusunda konfrans keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Mayın 6-da Belarusun Qrodno şəhərində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili” layihəsi çərçivəsində “Erməni işğalının nəticələri” mövzusunda konfrans keçirilmişdir.
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransı qurumun sədri İsmayıl Ağayev açaraq tədbir iştirakçılarına layihə ilə bağlı ətraflı məlumat vermişdir.
Tədbirdə erməni işğalının nəticələri haqqında məruzə ilə çıxış edən BDM-in sədr müavini Samir Adıgözəlli və Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev ölkəmizin bu bölgədəki diasporunun erməni yalanlarının ifşası ilə bağlı gördüyü işlərdən danışmışlar.
Belarus parlamentinin deputatı, Aqrar Universitetin rektoru Pestis Vitold Kazimiroviç ölkələrimiz arasında əlaqələrdən bəhs edərək belə bir konfransın Qrodnoda keçirilməsini yüksək qiymətləndirmişdir.
BDM-in Avropa təmsilçiliyinin rəhbəri, professor Azər Kərimov Avropa ölkələrində diasporumuzun təşkilatlanması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
“Zeqam” şirkətinin direktoru Marina Lyontevna, BDM-in Qrodno nümayəndəliyinin rəhbəri Sərdar Oğuz, Qrodno vilayətinin baş onkoloqu Drovski Nikolay Vasiloviç, iş adamı Camal Nağıyev və başqaları çıxışlarında Azərbaycan xalqının nəcib keyfiyyətlərindən, ölkələrimizin sıx əməkdaşlıq əlaqələrindən danışmışlar.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair film nümayiş olunmuş və konfrans iştirakçılarına Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətin ağır nəticələrini əks etdirən bukletlər paylanmışdır.
Daha sonra konfrans iştirakçıları adından qarşıdakı Prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul olunmuşdur.
Sonda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə ziyafət təşkil edilmişdir.