Belçikalı ekspert: İmzalanmış memorandum Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın əvəzedilməz rolunu vurğulayır
Brüssel, 19 iyul, AZƏRTAC
Avropa İttifaqının İqtisadi Modellər İnstitutunun Bərpaolunan Enerji Sektorunun rəhbəri Paula Pallavaçini Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlığa dair Bakıda imzalanmış Anlaşma Memorandumu (MoU) yüksək qiymətləndirib.
Ekspert AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində qeyd edib ki, Avropa İttifaqının məqsədi Ukraynada müharibə nəticəsində yaranmış mürəkkəbliklər fonunda qazıntı şəklində enerji mənbələrinin Köhnə Dünyaya çatdırılmasının şaxələndirilməsidir. Agentliyin müsahibi deyib: “Müharibə göstərdi ki, öz mövqeyindən istifadə edərək qəflətən ventili bağlaya biləcək etibarsız tərəfdaşlar var, lakin çox etibarlı, proqnozlaşdırıla bilən tərəfdaşlar da var. Azərbaycan sonuncular arasındadır. Bizim belə dostlara böyük ehtiyacımız var və şadıq ki, sizin ölkəniz belə tərəfdaş imici qazanıb”.
O, daha sonra Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıda dediyi sözləri təkrarlayaraq bildirib ki, Azərbaycan həm neft və qaz təchizatı sahəsində, həm də Brüsselin yaşıl energetikaya keçid səyləri sahəsində etibarlı və mühüm tərəfdaşdır.
Paula Pallavaçini vurğulayıb: “Aktiv fazası 2006-cı ildə birinci MoU sənədinin imzalanması ilə başlanmış və sonra 2011-ci ildə 3500 kilometrlik Cənub Qaz Dəhlizi barəsində birgə bəyannamənin imzalanması ilə davam etmiş əməkdaşlıq indi artıq energetika sahəsində strateji tərəfdaşlıq barədə növbəti sənədin imzalanmasında ifadə olunmuş kulminasiyaya gətirib çıxarıb”.
Azərbaycanın bu təşəbbüsləri Avropa İttifaqı tərəfindən dəstəklənib. Ekspert deyib: “İndi sizin ölkəniz mühüm rol oynayır və enerji resurslarının fasiləsiz təchizatının təmin edilməsinə verdiyi töhfə ilə Avropanın bütün enerji xəritəsini dəyişib”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel