SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans keçirəcəkdir
Paris, 15 noyabr (AZƏRTAC). Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, qurum 10 dekabr - Dünya İnsan Haqları Günündə Avropa Türk Demokratları Birliyi (UETD), Türk Evi Araşdırma Mərkəzi, EkoAvrasiya və ATXƏM təşkilatları ilə birlikdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri” mövzusunda konfrans keçirəcəkdir.
Konfransı keçirməkdə məqsəd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi, mədəniyyət və incəsənət abidələrinin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmaqdan ibarətdir.
Konfransın işində Qafqaz Araşdırmalar Mərkəzinin, Ahi Evran Universitetinin, beynəlxalq insan haqları təşkilatlarının, siyasi dairələrin nümayəndələri və diplomatlar iştirak edəcəklər.
Konfransda qəbul olunacaq qərarlar dünya mətbuatına, siyasi və akademik dairələrə, beynəlxalq insan haqları təşkilatlarına ünvanlanacaqdır.
Konfransa Azərbaycanın, qardaş Türkiyənin və digər türkdilli dövlətlərin rəsmləri də dəvət olunacaqlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris