Bərdədə keçirilən humanitar aksiyada 103 nəfər könüllü olaraq qan verib
Bərdə, 13 iyul, AZƏRTAC
Bərdə Rayon Mərkəzi Xəstəxanasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 103 nəfər könüllü donordan qan götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulan Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, Bərdə “ASAN xidmət” mərkəzinin, Dövlət İdarəetmə Kollecinin, digər idarə, müəssisə və təşkilatların kollektivləri, Qarabağ müharibəsi veteranları humanitar aksiyada fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. Mərkəzi Qan Bankının Bərdə regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.