BERLİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Berlin, 27 fevral (AZƏRTAC). Berlində, Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri onun təşkilatçısı, Əlaqələndirmə Mərkəzinin direktoru Samirə Patser-İsmayılova aparmışdır.
Əvvəlcə erməni quldur dəstələrinin Qarabağın bu şəhərində törətdikləri vəhşiliklərdən, habelə Xocalı qaçqınlarının taleyindən bəhs edən “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.
Sonra ölkəmizin AFR-dəki səfiri Pərviz Şahbazov, Bundestaqın deputatı Eduard Lintner, Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış etmişlər.
Almaniya-Azərbaycan Cəmiyyətinin sədri Vüqar Barini-Qəmbərov Günel Rzayevanın “Atama” hekayəsini oxumuşdur.
İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni internet saytının açılışı olmuşdur. Aksiya çərçivəsində bəşəriyyətə qarşı cinayətlərin cəzalandırılmasına laqeyd olmayan minlərlə insanın imzası toplanmışdır.
Foyedə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən mətbu məhsulları arasında Heydər Əliyev Fondunun kitabçaları xüsusi maraq doğurmuşdur. Heydər Əliyev Fondunun keçirdiyi “Xocalı uşaqların gözü ilə” uşaq rəsm müsabiqəsindən rəsmlər də iştirakçılara təqdim olunmuşdur.
Alman rəssamı Peter Höllerin Azərbaycana səfərindən və Xocalı qaçqınları ilə şəxsi görüşlərindən sonra yaranan “Dağlıq Qarabağ” əsəri diqqəti xüsusi cəlb etmişdir. Rəssam şəxsi təəssüratlarını qısa esse ilə də ifadə etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
