BESLANDA ÖLƏNLƏRİN SAYI 150 NƏFƏRİ KEÇMİŞDİR
Terrorçuların girov götürdükləri adamların ümumi sayı hələ də məlum deyildir. Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya idarəsinin rəhbəri Valeri Andreyevin dediyinə görə, 400-dən çox girov azad edilmişdir. Aslambek Aslaxanov isə bildirmişdir ki, terrorçular onunla telefon söhbətində 1200 nəfəri girov saxladıqlarını iddia edirdilər.
Terrorçuların bir qrupu hələ də məktəbin ərazisindədir və onların girovların bir qismini saxladıqları istisna olunmur. Valeri Andreyev bildirmişdir ki, quldurlardan 20 nəfəri öldürülmüşdür, onlardan 10-u ərəb ölkələrindən olanlardır. Ümumiyyətlə isə, terrorçuların müxtəlif millətlərin nümayəndələrindən ibarət olduğu bildirilir.
Güc strukturlarının verdiyi ilkin məlumata görə, Beslanda məktəbin ələ keçirilməsi planını Şamil Basayev hazırlamış, səhra komandiri Məhəmməd Yevloyev isə onu icra etmişdir. Başqa bir məlumata görə kütləvi şəkildə girov götürülməsi əməliyyatını vəhhabiliyin ideoloqlarından olan Əbu Ömər əs-Seyf maliyyələşdirmişdir. O, “Əl-Qaidə”nin Çeçenistandakı nümayəndəsi və xaricdən gələn pulların sərəncamçısı sayılır.