BEYNƏLXALQ EKOLOGİYA TƏŞKİLATLARI İLƏ UĞURLU ƏMƏKDAŞLIQ APARILIR
AZƏRTAC xəbər verir ki, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsa Əliyev və hüquq şöbəsinin rəhbəri Mahir Məmmədov birgə işin bəzi formaları – regional və ikitərəfli əməkdaşlıq barədə məlumatla çıxış etmişlər.
İ.Əliyev demişdir ki, BMT-yə daxil olan təşkilatlarla Azərbaycan mütəxəssislərinin əməkdaşlıq sahəsində, əslində, problemləri yoxdur. Bu və ya digər dövlətin təbiəti mühafizə konvensiyalarına qoşulmaq, hər hansı beynəlxalq öhdəlik götürmək istəməməsi isə başqa məsələdir. Regional səviyyədə olduğu kimi, burada da ciddi çətinliklər meydana çıxır. Məsələn, Araz çayına çirkabın və məişət tullantılarının axıdıldığı Ermənistan ərazisində suya nəzarət etmək mümkün deyildir. Burada monitorinq zəncirinin halqası qırılır və qlobal ekoloji məsələlərin həllinə yol verilmir.
İ.Əliyev işğal altındakı ərazilərdə yanğınlar törədilməsi faktlarına toxunaraq, bu yanğınların səbəbini kosmosdan çəkilmiş fotoşəkillərinin köməyi ilə öyrənməyin vacibliyini vurğulamışdır. Fotoşəkillərdə bu bölgənin ekoloji vəziyyətinin acınacaqlı halda olduğu, bundan əvvəl qırılmış meşə yerlərinə od vurulduğu öz əksini tapmışdır.
Seminarda qeyd olunmuşdur ki, Azərbaycan beynəlxalq təbiəti mühafizə sənədlərinin 90 faizinə qoşulmuşdur. Lakin Cənubi Qafqazda yalnız bir dövlətin belə təşəbbüs göstərməsi kifayət deyildir.