ELM VƏ TƏHSİL
Beynəlxalq keyfiyyət təminatı agentliklərinin həyata keçirdiyi proqram akkreditasiyalarının nəticələrinə baxılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan İdman Akademiyasının beynəlxalq proqram akkreditasiyası qiymətləndirilməsindən keçmiş ixtisasları üzrə nəticələrin Akkreditasiya Şurası tərəfindən də tanınmasına dair müraciətlərinə baxılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində inşaat mühəndisliyi və nəqliyyat tikintisi mühəndisliyi ixtisasları, magistratura səviyyəsində inşaat mühəndisliyi ixtisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində operator sənəti, aktyor sənəti və teatrşünaslıq ixtisasları, Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində idman menecmenti və kommunikasiya ixtisası, magistratura səviyyəsində idman tibbi və reabilitasiya, habelə idman menecmenti ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.
Bununla yanaşı, iclasda beynəlxalq keyfiyyət təminatı agentliklərinin ölkəmizdəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, prosesin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə edilib.