CƏMİYYƏT
Beynəlxalq konfransda Azərbaycanda mövcud olan dini dözümlülük barədə danışılıb




Tbilisi, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların - şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, müasir dövrdə dinlər arasında dostluq əlaqələrinin inkişafı olduqca vacibdir. Bu cür tədbirlər dini ekstremizmə qarşı mübarizədə mühüm rol oynayacaq.
Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib.
Komitə sədri Azərbaycanda mövcud olan dini dözümlülük barədə danışıb. Dünyada mövcud olan münaqişələrin həllində dinlərin rolunu xüsusi vurğulayan M.Qurbanlı deyib ki, din xadimlərinin bu məsələdə çıxışları olduqca vacibdir.
O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında dinlə dövlət münasibətlərinin tənzimləndiyini xüsusi qeyd edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Diplomat Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib.
Gürcüstan Baş nazirinin insan hüquqları üzrə müşaviri Niko Tatulaşvili çıxışında insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə danışıb.
Konfransda Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycan, Türkiyə, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Macarıstanın Gürcüstandakı səfirləri, ABŞ, Qazaxıstan, İtaliya səfirliklərinin məsul əməkdaşları, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi