Beynəlxalq Miqrasiya Təşkilatı 501 Azərbaycan vətəndaşına yardım göstərib
Bakı, 11 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırılmasını davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təmin edilməsidir.
Təşkilatın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, nümayəndəlik hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Yunanıstan və İsveçrədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
Ötən il ərzində BMqT-nin dəstəyi ilə 907 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Moldovadan (545), Almaniyadan (241 nəfər), Niderlanddan (66 nəfər), Polşa (15 nəfər) və Avstriyadan (14 nəfər) olub.
KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərlə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 501 nəfər yardımlardan faydalanıb.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 501 nəfərdən 29-na nağd, 224 nəfərə qeyri-nağd şəkildə, qalan 248 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində könüllü olaraq geri qayıdan şəxslərə müvəqqəti mənzil təminatı, kiçik biznesin qurulması, maddi və tibbi yardım, həmçinin təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.