Biləsuvarda istehlaka yararsız spirtli içkilərin satışının qarşısı alınıb
Bakı, 13 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Biləsuvar şəhərinin H.Əliyev küçəsində fiziki şəxs Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1 l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda, markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik “Artive”, 2 ədəd 1 l-lik “Belova”, 1 ədəd 1 l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.