BİLİK GÜNÜ MASALLI RAYONUNDA İKİ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Masallı, 16 sentyabr (AZƏRTAC). Bilik Günü Masallı rayonunda iki yeni məktəb binası istifadəyə verilmişdir.
Masallı şəhər 4 saylı Digah orta məktəbi rayonun ən qocaman təhsil müəssisəsi sayılır. Uzun müddət təmirsiz fəaliyyət göstərən məktəbin binası yararsız vəziyyətə düşmüşdü. Ötən ilin sonunda inşasına başlanan üçmərtəbəli, 640 yerlik yeni məktəb binası 15 sentyabr - Bilik Günündə qapılarını müəllim və şagirdlərin üzünə açmışdır.
Bu münasibətlə məktəbin həyətində keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Astan İbişov mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik etmiş, Masallı məktəblərinin yeniləşməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısından söhbət açmışdır.
Müəllimlər, valideynlər və şagirdlər təhsilin inkişafına göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev toplaşanları yeni dərs ili münasibətilə təbrik etmiş, müəllim və şagirdlərə uğurlar arzulamışdır.
Rayonun Ərkivan qəsəbəsindəki 2 nömrəli orta məktəbin kollektivi də yeni dərs ilinə yeni məktəbdə başlamışdır. Dövlət vəsaiti hesabına tikilmiş, 24 otaqdan ibarət, ikimərtəbəli yaraşıqlı bina hər cür zəruri avadanlıqla təchiz edilmişdir.
Açılış mərasimində çıxış edənlər gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova mərasim iştirakçılarına ən xoş arzularını çatdırmış və şagirdlərə hədiyyələr təqdim etmişdir.
Qəzənfər Ağayev çıxışında son illərdə Masallıda yeni məktəblərin tikilməsini və əsaslı təmir olunmasını, təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsini bu vacib sahəyə dövlət qayğısının fərəhli nəticəsi kimi qiymətləndirmiş, kollektivin yeni məktəbdə uğurlarını daha da artacağına inandığını bildirmişdir.
Ölkənin bütün rayonlarında olduğu kimi, Masallıda da şagirdlərə yeni dərsliklər paylanmışdır. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə 300 nəfər birinci sinif şagirdlərinə vahid məktəbli geyimi və məktəb ləvazimatı hədiyyə edilmişdir.
######
