“Bilik günü”ndə Masallı rayonunda beş yeni məktəb binasının açılışı olmuşdur
Masallı, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Masallı rayonunda inşası başa çatdırılmış beş yeni məktəb binasının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq inşa edilmiş Dəmirçi kəndindəki 220, Qodaman, Sığıncaq və Köçəkli kəndlərindəki 360, Ərəb kəndindəki 80 yerlik yeni məktəb binaları hər cür avadanlıq və məktəb ləvazimatları ilə təmin edilmişdir.
“Bilik günü” ilə bağlı yeni məktəblərdə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları Elmira Axundova və Nəriman Əliyev, ziyalılar, ağsaqqallar, ictimaiyyətin nümayəndələri rayonun təhsil işçilərini bayram münasibətilə təbrik etmişlər.
Ölkəmizdə, o cümlədən Masallı rayonunda təhsildə qazanılan uğurları regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının ardıcıl həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirən natiqlər bölgələrdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.