Binəqədi rayonunda 2000-dək evin tullantı sularının axıdılması xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq
Bakı, 26 iyul, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti paytaxtın Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda, yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.
Son illər əhalinin sıx məskunlaşdığı hər iki küçənin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstü açıq arxlar vasitəsilə axıdılması ərazidə ciddi problemlər yaradır.
Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırılmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukturun qurulmasına başlanılıb. Layihəyə əsasən, hər iki küçədə 600 millimetr diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Daha sonra ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.
2000-dək evi əhatə edəcək yeni layihənin icrasının növbəti yağış mövsümünə qədər başa çatdırılması planlaşdırılır. Tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.