Binəqədi rayonunda narkotik vasitələr və silah satışı ilə məşğul olan şəxslər tutulublar VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Əli Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin, 300 qram çəkidə “patı” və “şüşə” adlandırılan psixotrop maddə - metamfetamin, 89 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Ə.Əhmədov narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub. Onun üzərinə baxış zamanı “CZ-27” markalı tapança, bir patron və patron darağı aşkarlanaraq götürülüb.
İ.Həsənov silahı 2 min manata satmaq istəyən zaman polis əməkdaşları tərəfindən tutulub.
Faktlarla bağlı Ə.Əhmədov və İ.Həsənov barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin aşkar olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.