ELM VƏ TƏHSİL
Biologiya və tarix fənləri üzrə imtahan tapşırıqlarına dair müzakirələr aparılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, biologiya fənni üzrə iclasın gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodik baxımdan təhlilinin davamı olub. Hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. İşçi qrupunun üzvləri tapşırıqlarla bağlı təkliflər veriblər.
Tarix fənni üzrə iclasın gündəlik məsələsi avqustun 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II və III ixtisas qrupları üzrə istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan müqayisəli təhlili olub. İclasda 30 tapşırıq (22 qapalı, cavabı kodlaşdırılan 5 açıq tapşırıq, cavabı yazı ilə ifadə olunan 3 mənbə tapşırığı) (II ixtisas qrupu üzrə 61-90 saylı, III ixtisas qrupu üzrə 31-60 saylı) müzakirə edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Noyabrın 12-də müzakirələr davam etdiriləcək.