“Bir damcı” kampaniyası çərçivəsində ümumtəhsil məktəblərində maarifləndirici təlimlər davam edir
Bakı, 24 aprel, AZƏRTAC
Artıq bir müddətdir ki, ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərində maarifləndirici təlimlər keçirilir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, ötən həftə ərzində layihənin təşkilatçıları 230 nömrəli tam orta məktəb, akademik Zərifə Əliyeva adına liseyə səfər edərək 5-9-cu sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış edib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, layihənin təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.