BİRGƏ LAYİHƏNİN İKİNCİ MƏRHƏLƏSİNƏ BAŞLANMIŞDIR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın R.Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun əməkdaşı, layihənin əlaqələndiricisi xanım Cenni Svedberq ilə görüşündə bu proqramın ikinci mərhələsinin məqsədi açıqlanmışdır.
Layihədə polis əməkdaşları, jurnalistlər, həmçinin təsisatın əməkdaşları üçün qadın və uşaqların, milli azlıqların hüquqları, korrupsiyaya və işgəncələrə qarşı mübarizə və digər mövzulara həsr edilmiş təlim-seminarların keçirilməsi nəzərdə tutulmuşdur.
Xatırladaq ki, layihənin birinci mərhələsində Azərbaycana səfər etmiş İsveçin R.Vallenberq adına İnstitutun beynəlxalq ekspertləri təsisatın əməkdaşları üçün silsilə təlim-seminarlar keçirmişlər.
Seminarlarda ərizə və şikayətlər üzrə məlumat banklarının yaradılması, sənədlərin tərtibi qaydaları, insan hüquq və azadlıqlarının qorunması sahəsində monitorinqlərin aparılması, Ombudsmanın KİV və ictimaiyyətlə əməkdaşlığı və digər məsələlər müzakirə olunmuşdur.