Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı: Valideynlərimiz son günlərinədək onun yolunu gözlədilər
Xaçmaz, 30 iyun, AZƏRTAC
Şəhid qardaşımı sabah doğma kəndimizdə dəfn edəcəyik. Biz 33 ildir onun yolunu gözləyirdik. Yarməmməd mənim kiçik qardaşımdır. Neft Daşlarında işləyirdi. Qardaşım 1993-cü ilin yayında cəbhəyə yollandı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonu istiqamətində qəhrəmanlıqla döyüşdü. Cəbhədən evə məzuniyyətə də gəlmişdi. Sonradan yenidən döyüşlərə qayıtdı. Həmin ilin dekabr ayında televizorda Cəbrayılın bizdə olan hissəsində şiddətli döyüşlərin getdiyini, itkilərimizin olduğunu məlumat verdilər. Rəhmətlik anam çox pərişan oldu. Hiss etdi ki, qardaşıma nəsə olub. Elə həmin vaxtdan da Yarməmməd haqqında heç bir xəbər ala bilmədik.
Bunu sabah Xaçmazda dəfn olunacaq Birinci Qarabağ müharibəsinin şəhidi Yarməmməd Nuriyevin qardaşı Fizəhməd Nuriyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 33 il sonra doğma yurdunda torpağa tapşırılacaq.
Şəhid Yarməmməd Maqsud oğlu Nuriyev 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya göz açıb. 1993-cü ilin dekabr ayında Cəbrayıl istiqamətində şiddətli döyüşlər zamanı itkin düşüb. Yarməmmədin şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.
“Qardaşımı axtarmadığımız yer qalmadı. Valideynlərimiz son günlərinədək Yarməmmədin yolunu gözlədilər. Onun barədə yaxın günlərə kimi heç bir məlumatımız yox idi. Aparılan araşdırmalardan sonra qardaşımın İmişlidə naməlum şəhid kimi basdırıldığı müəyyənləşdi. Bizə məlumat verdilər. Otuz üç il sonra qardaşım ailəsinə qovuşacaq”, - deyə Fizəhməd Nuriyev bildirib.
Yarməmməd Nuriyevin dəfn mərasimi iyulun 1-i Xaçmaz rayonunun Köhnə Xudat kəndində keçiriləcək.
Müxbir - Elxan Yusifli