Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dünyasında elmi inteqrasiyanı dərinləşdirir ŞƏRH
Bakı, 1 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinin Bakıda geniş beynəlxalq formatda qeyd olunması Azərbaycan üçün sadəcə tarixi bir hadisənin anılması deyil, həm də Türk dünyasının intellektual irsinin yenidən qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs göstərir ki, son illərdə türk dövlətləri arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi müstəvidə deyil, elmi-humanitar istiqamətdə də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
O qeyd edib ki, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay dövrünün ən nüfuzlu elmi platformalarından biri idi. Burada qəbul olunan yanaşmalar türk xalqlarının ortaq elmi və mədəni məkanının formalaşdırılmasına xidmət edirdi. Sovet hakimiyyəti sonradan bu ideyaların inkişafını dayandırmağa çalışsa da, onların tarixi əhəmiyyəti aradan qalxmadı. Bu gün həmin ideyaların yenidən gündəmə gəlməsi Türk dünyasının inteqrasiyasının təbii inkişaf məntiqindən irəli gəlir.
“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşündə irəli sürdüyü təşəbbüsün qısa müddətdə reallaşması Azərbaycanın türk inteqrasiyasına verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu təşəbbüs həm də Azərbaycanın Türk dünyasının humanitar gündəliyinin formalaşmasında aparıcı rol oynadığını nümayiş etdirir”, - deyə Vüqar İskəndərov diqqətə çatdırıb.
Onun sözlərinə görə, diqqətçəkən məqamlardan biri də tədbirin iştirakçı tərkibidir. Dünyanın müxtəlif elmi mərkəzlərini təmsil edən onlarla tanınmış türkoloqun Bakıda bir araya gəlməsi göstərir ki, türkologiya artıq yalnız akademik tədqiqat sahəsi deyil, eyni zamanda, ortaq mədəni siyasətin və elmi diplomatiyanın mühüm alətlərindən birinə çevrilir. Belə platformalar elmi əməkdaşlığın genişlənməsinə, ortaq tədqiqat layihələrinin yaranmasına və türk xalqları arasında intellektual əlaqələrin möhkəmlənməsinə xidmət edir.
“Dövlətimizin başçısının Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində vurğulanan mühüm məqamlardan biri də Birinci Türkoloji Qurultayın irsinin müasir dövrdə Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi layihələrdə yaşamasıdır. Ortaq əlifba, ortaq tarix və mədəni irsin qorunması istiqamətində görülən işlər bir əsr əvvəl irəli sürülən ideyaların praktik müstəvidə davamı kimi qiymətləndirilə bilər”, - deyə deputat vurğulayıb.
O hesab edir ki, müasir beynəlxalq münasibətlər sistemində mədəni və elmi diplomatiyanın rolu getdikcə artır. Bu baxımdan, Türk Dünyası Həftəsi təkcə yubiley xarakteri daşımır, həm də türk dövlətlərinin ortaq kimliyinin möhkəmləndirilməsi, humanitar əməkdaşlığın dərinləşdirilməsi və gələcək nəsillər üçün vahid elmi-mədəni platformanın inkişaf etdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın bu prosesə ev sahibliyi etməsi isə ölkənin Türk dünyasının intellektual mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.