“Birlik” futzal komandası “Payız turniri”nin qalibi olub
Bakı, 4 noyabr, AZƏRTAC
AFFA-nın, “Sahə Futbol Federasiyaları” İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, turnirin qalibi “Birlik” komandası olub. “Zirvə” ikinci, “Ümid” isə üçüncü yeri tutub.
“Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Ümid” komandasından Elşən Musayev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü İsrail Cəbrayılov olub.