Birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin dairəsindən çıxarılır
Bakı, 15 mart, AZƏRTAC
Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin dairəsindən çıxarılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin martın 15-də keçirilən birgə iclasının gündəliyinə daxil edilib.
“Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən aşağıdakılar nəzərdə tutulub:
- tikintiyə icazə icraatının optimallaşdırılması, bununla bağlı şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsi;
- tikintiyə icazə icraatı çərçivəsində hazırlanan (təqdim edilən) müvafiq sənədlərin elektronlaşdırılması səviyyəsinin yüksəldilməsi;
- tikintisinə icazə tələb olunmayan tikinti obyektləri dairəsinin dəqiqləşdirilməsi;
- tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq orqanlar tərəfindən tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması ilə əlaqədar səlahiyyətlərinin genişləndirilməsi;
- tikinti hüquq münasibətlərinin iştirakçılarının məsuliyyət hissinin gücləndirilməsi;
- tikinti obyektlərinin sökülməsi və tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqəli olan bəzi hüquq normalarının təkmilləşdirilməsi.