BİTƏRƏF DEPUTATLAR SEÇKİ MƏCƏLLƏSİNƏ DAİR TƏKLİFLƏR VERMİŞLƏR
Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyevanın rəhbərliyi ilə parlamentin bitərəf deputatları martın 6-da Seçki Məcəlləsinin layihəsini müzakirə etmişlər.
Müzakirələr zamanı deputat Şamil Qurbanov layıhəni müsbət qiymətləndirərək demişdir ki, bəzi müxalifət nümayəndələri onu antidemokratik adlandırmaqla, əslində, bu il keçiriləcək prezident seçkilərində uğrayacaqları məğlubiyyətlərini kompensasiya etmək istəyirlər. Ona görə ki, seçki qanunvericiliyinin necəliyindən asılı olmayaraq, xalq öz seçimini edərək, 2003-cü ildə də Heydər Əliyevə səs verəcəkdir.
Deputatlar Fəttah Heydərov, Novruz Quliyev, Cahangir Hüseynov, İsmayıl Ömərov çıxışlarında əsas diqqəti seçki komissiyalarının təşkilinə yönəltmişlər. Onlar vurğulamışlar ki, cəmiyyətin 92 faizini bitərəflər təşkil etdiyi halda, siyasi partiyalar onlarla hesablaşmaq istəmirlər. Deputatlar Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında təmsil olunacaq bitərəflərin seçilməsi qaydaları barədə layihədəki müddəalarla razılaşmadıqlarını bildirmiş və öz təkliflərini vermiş, parlamentdə müzakirələr zamanı bunları müdafiə etməyi qərara almışlar.
Bitərəf deputatlar MSK-da hakimlərin təmsil olunmasının Konstitusiya ilə ziddiyyət təşkil etdiyini də bildirmiş və hakimlərin seçkili orqanlarda iştirakı məsələsinin məhkəmə hakimiyyətinin öhdəsinə buraxılmasını təklif etmişlər.
Müzakirə iştirakçıları Seçki Məcəlləsinin ümumən ölkədə azad, demokratik seçki keçirilməsinə zəmin yaradacağını bildirmiş, layihənin parlamentin müzakirəsinə çıxarılmasını qərara almışlar.