Biz veteranlar Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərini daim xatırlayacağıq
Bakı, 14 iyun, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirdə Azərbaycan gəncləri, veteranlar, əmək veteranları iştirak edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri gənclərimizə xatırladıldı. 1993-cü ildə ölkədə hərc-mərclik hökm sürürdü. Azərbaycanın nizami ordusu yox idi. Ölkə parçalanmaq təhlükəsi ilə üzləşmişdi.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, o vaxtlar xarici ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda gedən proseslərə təsir edərək, qırğınlar törətmək, dini ixtilaflar və qonşu ölkələr arasında gərginlik yaratmaq istəyirdilər: “Birinci Qarabağ müharibəsində vəziyyət çox çətin idi. Həmin dövrdə erməni işğalçıları Azərbaycan torpaqlarını zəbt edirdilər, insanları qətlə yetirirdilər, soyqırımları törədirdilər. Belə çətin vəziyyətdə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycana yenidən hakimiyyətə qayıdışı xalqımızı çox bəlalardan xilas etdi.
Biz veteranlar Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərini daim xatırlayacağıq. Əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandı”.
Cəlil Xəlilov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi, siyasi, diplomatik, hərbi əlaqələri mövcuddur. Bu Ulu Öndərin Azərbaycan xalqına göstərdiyi milsiz xidmətlərin göstəricisidir.