CƏMİYYƏT
“Biznesin müflisləşməsi” işçi qrupunun onlayn formatda görüşü keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun onlayn formatda geniş tərkibdə növbəti iclası keçirilib.
İclasda Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda işçi qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı sorğuların cavablandırılması və simulyasiya prosesi, eyni zamanda, kommunikasiya tədbirlərinin genişləndirilməsi məqsədilə hazırlanan İntensiv Kommunikasiya Planı barədə məlumat verib.
Bununla yanaşı, işçi qrupun 2024-cü il üzrə əsas hədəflərini əhatə edən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub, həmçinin “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin və digər qanunvericilik aktlarının hazırlanması ilə bağlı görülən işlər səsləndirilib.
Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.