Bloomberg: Rusiya yenidən Avropanın əsas qaz təchizatçısı ola bilər
Bakı, 13 dekabr, AZƏRTAC
Rusiyanın Avropaya qaz tədarükündə liderliyini bərpa etmək və yenidən Avropa İttifaqının əsas yanacaq təchizatçısı olmaq şansı var.
AZƏRTAC xəbər verir ki, bu fikri Bloomberg agentliyinin icmalçısı Havyer Blas səsləndirib.
Onun sözlərinə görə, coğrafi və bazar reallıqları Ukrayna münaqişəsindən sonra əvvəlki vəziyyətə qayıtmayacaqları barədə vəd verən ən qətiyyətli Avropa siyasətçilərini də fikrindən daşındıra bilər. Havyer Blas buna misal olaraq Rusiya qazından birdəfəlik imtinanı “tarixi cahillik və geosiyasi yanlışlıq” adlandıran almaniyalı siyasətçi, Saksoniya federal əyalətinin Baş naziri Mixael Kreçmerdən sitat gətirib. İcmalçı Berlinin hazırda hər meqavat-saat qaz idxalı üçün 140 avro (təxminən 180 dollar) ödədiyini və bunun 2010-cu ildən 2020-ci ilədək olan dövrün orta göstəricisindən təxminən yeddi dəfə çox olduğunu xatırladıb.
Ekspertin fikrincə, Avropa İttifaqı kimya, yeyinti və ağır sənaye sahələrində rəqabətə davamlı qalmaq istəyirsə, ona ucuz qaz lazımdır və hazırda Brüssel üçün Rusiya qazından ucuz yanacaq mövcud deyil.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bir müddət öncə bildirmişdi ki, Avropa İttifaqı növbəti qış Rusiya qazı olmadan üzv ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün əlavə 100 milyard avro xərcləməli olacaq.