BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyi münasibətilə Müşfiqabadda 3 min ağac əkilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyi və BMT Gününə həsr olunmuş aksiya zamanı 3 hektardan çox ərazidə Eldar şamı və zeytun ağaclarından ibarət 3 min ağac əkilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, ekokönüllülər, IDEA İctimai Birliyinin könüllüləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, əkilən ağaclar Abşeronun torpaq-iqlim şəraitinə uyğun seçilib. Ərazi suvarma şəbəkəsi ilə təmin olunub. Bu da əkilən ağacların bitiş faizinin 98-100 faiz arasında olacağına əminlik yaradır.
Nazir müavininin sözlərinə görə, həmin ərazi bir il əvvəl boş sahə olub. Burada torpaq hazırlığı işləri aparılıb və əkinə yararlı vəziyyətə gətirilib. Builki payız əkini mövsümündə həmin ərazidə ağacəkmə aksiyaları keçirilir.
“Sevindirici haldır ki, Azərbaycanda müxtəlif qurumlar peşə bayramlarını təbiətin qoynunda keçirməyə üstünlük verir və daha çox ağacəkmə aksiyaları ilə qeyd edirlər. Təbiətə dost münasibətin formalaşmasında belə tədbirlərin çox böyük önəmi var. Payız əkin kampaniyası başlayıb. Fürsətdən istifadə edərək dost tərəfdaşları və hər bir vətəndaşı belə aksiyalarda iştiraka dəvət edirik. Nə qədər çox ağac əksək, ətraf mühitimiz bir o qədər sağlam olacaq. Belə aksiyalar Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə töhfədir”, - deyə F.Əliyev qeyd edib.
Bu günün çox əlamətdar gün olduğunu bildirən BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib: “Bu gün biz BMT-nin yaradılmasının 77-ci, BMT ilə Azərbaycan arasındakı tərəfdaşlığın isə 30-cu ildönümünü qeyd edirik. Belə mötəbər günü ağacəkmə kampaniyası ilə qeyd etmək gözəl bir təşəbbüsdür. BMT ilə sıx tərəfdaşlıq qurduğu üçün Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm. Bu günü bizimlə birlikdə belə gözəl aksiya ilə qeyd edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, IDEA Ictimai Birliyinin könüllülərinə, o cümlədən ekokönüllülərə, diplomatik korpusun nümayəndələrinə təşəkkür edirəm”.