BMT-nin İnkişaf Proqramının layihəsi: Azərbaycanın 3 regionundan 160 qadın təlimlərdə iştirak edir




Bakı, 25 avqust, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının müvafiq layihəsi çərçivəsində (UNDP-Azerbaijan) münaqişədən zərər çəkmiş qadınlar üçün peşə təlimləri keçirilir. Hazırda Bərdə, Tərtər və Ağcabədidə münaqişədən zərər çəkmiş qadınlar üçün peşə imkanlarını genişləndirmək üçün təlimlər davam edir.
AZƏRTAC-a “UNDP-Azerbaijan”dan bildirilib ki, üç aylıq peşə təlimləri bir neçə istiqaməti əhatə edir: kargüzarlıq, dərzilik və gözəllik ustası. Yekununda dövlət nümunəli sertifikatın təqdim olunacağı təlimlərin məqsədi münaqişə nəticəsində zərər çəkmiş qadınlara peşə öyrədərək, onların iş imkanlarını artırmaqdır. Bu da öz növbəsində onlara həm yaşadıqları, həm də qonşu rayonlarda iş tapmağa kömək olacaq.
Qeyd edək ki, hazırda təlimlərdə hər üç rayondan 160 qadın iştirak edir.
Təlimlər BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Böyük Britaniya Hökumətinin dəstəyi ilə həyata keçirilən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində təşkil olunur.