CƏMİYYƏT
BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO


Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 32 kiloqram marixuana dövriyyədən çıxarılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanıb.
K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.