Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir
Bakı, 19 iyul, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən Saatlı rayonunun Qara Nuru kəndində fermerlərə səyyar xidmət göstərilir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, agentliyin sədr müavini Anar Əzimov bununla bağlı tədbir iştirakçılarına AXA tərəfindən göstərilən xidmətlər barədə məlumat verib.
O qeyd edib ki, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd göstərilən xidmətləri bilavasitə yerlərdə təqdim etmək, fermerlərin qarşılaşdıqları problemlərin həllində operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, ümumilikdə isə fermerlərin rahatlığının təmin olunmasına nail olmaqdır. Bunun üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə xidmətlərin yüksək səviyyədə göstərilməsi məqsədilə xidmət qrupu mikroavtobusla və tələb olunan lazımi vasitələrlə təmin olunub.
Səyyar xidmət qrupuna müraciət edən fermerlərin heyvanları qısa müddət ərzində baytarlıq müayinəsindən keçirilərək, profilaktiki tədbirlər görülür, əkin sahələrində fitosanitar müşahidələr aparılaraq, bitki mühafizəsi tədbirləri həyata keçirilir, eləcə də əkin sahələrindən torpaq nümunələri götürülərək laboratoriya xidmətləri göstərilir.
Həmçinin texnika sahiblərinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələri dəyişdirilir, texnikalar ilkin və ya təkrar dövlət qeydiyyatına alınır və texniki baxışdan keçirilir. Tədbir çərçivəsində fermerlərə informasiya məsləhət xidmətləri göstərilir və müxtəlif mövzuda bukletlər paylanılır.
Səyyar xidmət qrupuna 60 nəfərdən artıq fermer müraciət edərək göstərilən xidmətlərdən bəhrələnib. Tədbir iyulun 20-dək davam edəcək.