BÖLGƏLƏRDƏ GÜLƏŞİN İNKİŞAFI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIR
Bakı, 17 sentyabr (AZƏRTAC). Sumqayıtda general M.Əsədov adına orta ümumtəhsil İnternat məktəbinın idman zalında sərbəst və yunan-Roma güləşi üzrə bölmələr açılmışdır.
Azərbaycan Güləş Federasiyasının (AGF) 2 saylı regional nümayəndəliyi tərəfindən təmir edilmiş bu idman zalı müasir tələblərə tam cavab verir. İdmançıların hazırlığı üçün yaradılan şəraiti müsbət qiymətləndirən AGF-nin regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov yeniyetmələrin bu idman növünə marağının artırılması məqsədi ilə güləş üzrə bölmələrin digər bölgələrdə də açılacağını bildirmişdir.
Məşqləri təcrübəli mütəxəssislər - Firdovsi Ömərov, Qərib Əliyev və Əbülfət Məmmədov, eləcə də gənc məşqçilər - Nurəddin və Üsaməddin Rəcəbov, Tural və Xəyal Əliyev qardaşları keçəcəklər.
Federasiyanın 2 saylı regional nümayəndəliyinin rəhbəri Alimpaşa Məmmədov və yerli mütəxəssislərin iştirak etdiyi görüşdə Sumqayıtda güləş idman növünün inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, növbəti regional görüş 17-20 sentyabr tarixlərində Gəncə şəhərində baş tutacaqdır. Cavanşir Qurbanovun rəhbərliyi altında nümayəndə heyətinin səfəri zamanı AGF-nin 7 saylı nümayəndəliyinin idman zalları ilə tanışlıq, daha sonra yerli məşqçilər və idmançılarla görüş keçiriləcəkdir. Görüşdə Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilmiş yeni qaydalar barədə məlumat veriləcək, Gəncə və ətraf rayonlarda güləş idman növünə marağın daha da artırılması barədə müzakirələr aparılacaqdır.