Bolnisidə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları mükafatlandırılıb
Tbilisi, 19 iyul, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Rezo Həsənov çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər və həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə reallaşıb. Münsiflər heyəti yarış iştirakçılarının yazı, danışıq və digər qabiliyyətlərini qiymətləndiriblər.
Azərbaycan dili müəllimi Fatma Əliyeva, Dəllər İctimai Məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlixan Yahyaoğlu, Marneuli rayonunun Qaçağan ictimai məktəbinin kimya-biologiya müəllimi Esmira Ələkbərova, Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusifov mərkəzin qısa zaman ərzindəki uğurlarından danışıb, bu sahədə mövcud olan müəyyən çatışmazlıqlar barədə fikirlərini bölüşüb, öz təcrübələrini paylaşıblar.
Bildirilib ki, Mərkəzdə Azərbaycan, gürcü və ingilis dilləri üzrə təhsil alan 100-dən çox iştirakçı müxtəlif səviyyələrdə sertifikatlarla təltif edilib. Mərkəzin 6 aylıq kurslarını uğurla bitirən şagirdlərə A1, A1+, A2, A2+ səviyyəsində sertifikat verilib.
Sonda “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. Azərbaycan dili, inşa, rəsm, əl işləri, musiqi və şeir üzrə təşkil olunan müsabiqənin qaliblərinə həvəsləndirici hədiyyələr təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi