Bolqarıstan ictimaiyyəti 20 Yanvar faciəsi barədə ətraflı məlumatlandırılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu “Kross” İnformasiya Agentliyində, “Sofiya Ticarət və Sənaye Palatasının” internet səhifəsində və bir sıra saytlarda 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dərc edilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, məlumatlarda Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə tarixinə qanlı hərflərlə yazılmış yanvar faciəsindən 23 il keçməsindən, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu faciənin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilməsindən danışılır.
Bildirilir ki, hər il yanvarın 20-də Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, sadə vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edirlər.
Məlumatlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycanda kommunist rejimini saxlamaq, xalqın milli azadlıq hərəkatını boğmaq, ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə əzmini qırmaq məqsədilə xüsusi hərbi birləşmələri, zirehli texnikanı ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə, o cümlədən yaşlılara, qadınlara, uşaqlara qarşı yeridərək xüsusi qəddarlıqla qırğın törədilməsindən söhbət açılır. Qeyd edilir ki, imperiya tərəfindən törədilən bu qanlı terror aktı xalqın iradəsini qıra bilmədi. Xalqının azadlığını və ölkəsinin müstəqilliyini hər şeydən uca tutan yüzlərlə insan canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Həmçinin yazılarda ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin yaddaşlardan silinməyəcəyindən bəhs edilmişdir.
20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində anma mərasimi keçirilmişdir. Səfir E.Kərimov mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə, həmvətənlərimizə 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir. Səfir faciəyə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə siyasi-hüquqi qiymət verildiyini bildirərək ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır.
Səfirlik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat hazırlanaraq Bolqarıstanın dövlət və özəl strukturlarına, ölkədə akkreditə olunmuş diplomatik korpusa və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.