Bolqarıstan mətbuatında 27 Sentyabr –Anım Günü ilə əlaqədar silsilə məqalələr dərc olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən xəbər agentliklərində 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə məhz həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirləri həyata keçirdiyi bildirilir. Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində həyata keçirilib. Bu, 44 günlük Vətən müharibəsinin başlamasına səbəb olub.
Yazılarda bu müharibənin Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyması barədə məlumat verilir. Bildirilir ki, Azərbaycan ərazi bütövlüyünü müdafiəsini, bir milyona yaxın məcburi köçkün azərbaycanlının fundamental hüquqlarını və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təkbaşına təmin etmişdir.
Əlavə olunur ki, Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxarmışdır ki, buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Həmçinin Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair dəlillər aşkar edilmişdir. Yazılarda Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdiyi qeyd olunur.
Bildirilir ki, hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Azərbaycan hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür. Sonda qeyd olunur ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır.