DÜNYA
Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi məmnunluqla qarşılanıb
Sarayevo, 16 dekabr, AZƏRTAC
Bosniya və Herseqovinaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi Qərbi Balkan ölkəsində və regionda məmnunluqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Denis Beciroviç qərarı ümidverici hadisə kimi xarakterizə edib, Bosniya və Herseqovina ilə Aİ-nin əlaqələrinin bundan sonra daha da güclənəcəyini, lakin qarşıda uzun bir yolun olduğunu deyib.
Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsic bildirib ki, bu qərar Rusiya-Ukrayna gərginliyi fonunda Aİ-nin Qərbi Balkan ölkələrinə yaxınlaşmasının göstəricidir.
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri Zoran Teqeltiya qərarı ölkə xalqının uzun müddətdir gözlədiyi “müsbət siqnal”, Qərbi Balkan ölkələri üçün isə güclü və ümidverici mesaj olduğunu qeyd edib.
Xarici işlər naziri Bisera Turkoviç deyib ki, namizəd ölkə statusu almaq sabitlik, suverenlik və inkişafın nəticəsidir. Bu, Bosniya və Herseqovina üçün böyük və tarixi addımdır.
Sloveniya və Türkiyə rəsmiləri də Bosniya və Herseqovina xalqına təbrik mesajları ünvanlayıblar.
Qeyd edək ki, Bosniya və Herseqovina təxminən 7 il əvvəl Aİ üzvlüyünə namizəd ölkə statusu almaq üçün müraciət edib. Aİ-yə üzv ölkələrin liderləri ötən gün Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi qərarını təsdiqləyiblər.
Namizəd ölkə statusu almaq Aİ-yə uzunmüddətli üzvlük prosesində ilk addımdır. Avropa Komissiyası Bosniya və Herseqovinaya 14 əsas prioritetin icrasını şərt qoyub. Ölkəyə namizəd statusu verildikdən sonra şərtlər yerinə yetirilməlidir və növbəti mərhələdə üzvlük danışıqları başlayır. Üzvlük danışıqlarının başlaması illər çəkə bilər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo