Böyük Britaniyanın Essex Universitetində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir
London, 27 fevral (AZƏRTAC). Böyük Britaniyanın Essex Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş nümayiş keçirilmişdir.
Aksiyada azərbaycanlı tələbələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar, fotoşəkillər nümayiş etdirmişlər. Aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar etmiş, “Xocalıya ədalət”, “Biz Xocalı üçün ədalət istəyirik” şüarlarını səsləndirmişlər.
Həmçinin aksiya çərçivəsində qurulmuş stendlərdə faciə haqqında kitablar, jurnallar və disklər təqdim edilmişdir.
Nümayiş çərçivəsində Xocalı soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə faciə haqqında məlumat verilmiş, qətliamı əks etdirən broşürlar paylanmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London