Braziliyanın qonaqlarını qarətçilərə mane olmamağa çağırmışlar
Bakı, 15 may (AZƏRTAC). İyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində San-Paulu polisi turistlər üçün xüsusi bukletlər buraxmışdır. Həmin bukletlərdə turistlərə bir neçə mühüm tövsiyə verilir.
Məsələn, göstərilir ki, sizi qarət edərlərsə, əsas məsələ - qışqırmamaq, mübahisə etməmək və ümumiyyətlə bu hadisəyə reaksiya verməmək, sadəcə ... “boşa vermək” lazımdır. Asayiş keşikçiləri xəbərdarlıq edirlər ki, hər halda, qətlə yetirilməkdənsə qiymətli əşyaların oğurlanması yaxşıdır, çünki qarətçilərə müqavimət göstəriləcəyi halda onlar, çox güman ki, öz qurbanlarını qətlə yetirəcəklər.
Braziliya cinayətkarlığın çox geniş yayılması ilə “şöhrət qazanmışdır”. “Kommersant” nəşri xatırladır ki, hətta polislər də “canilər yuvası” sayılan yoxsullar məhəlləsinə daxil olmağa qorxurlar. Belə “qiymətli” məsləhətlər kitabçasının buraxılması zərurəti də bu faktla izah edilir. Axı, çempionatın qonaqlarının əksəriyyəti cinayətkarlığın səviyyəsi qat-qat aşağı Avropa ölkələrindən və ABŞ-dan gələn turistlər olacaq.
Polisdə qayğıkeşliklə izah etmişlər ki, turistlər belə hallara adət etmədikləri üçün hücuma müqavimət göstərməyə başlaya bilərlər. bu isə məsləhət deyil.
Asayiş keşikçiləri turistlərə bunu da tövsiyə edirlər ki, yoxsullar yaşayan məhəllələrdə gecə vaxtı gəzintiyə çıxmaqdan çəkinsinlər, qiymətli bəzək əşyalarından istifadə etməsinlər və kiminsə onları təqib edib-etmədiyini vaxtaşırı yoxlasınlar.
İngilis, fransız və ispan dillərində buraxılmış bu kitabçalar ölkədəki bütün səfirliklərə və konsulluqlara göndəriləcəkdir.
Təşkilatçıların hesablamalarına görə futbol üzrə dünya birinciliyinin keçiriləcəyi bir ay ərzində Braziliyaya 3,7 milyon nəfər, o cümlədən 2 milyon adam məhz futbolun xatirinə gələcəkdir.