DÜNYA
Britaniyalı nazirlər COP29-dan paylaşımlar ediblər
Bakı, 13 noyabr, AZƏRTAC
Britaniyanın Baş naziri Kir Starmer, xarici işlər naziri Devid Lemmi və enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, britaniyalı nazirlər COP29-la bağlı sosial media hesablarında aktiv paylaşımlar edirlər.
Baş nazir Kir Starmer keçirdiyi ikitərəfli görüşlər və çıxışlarından video yayımlayıb. Paylaşımında o, Britaniyanın gələcək nəsillər üçün təhlükəsizlik və sabitliyi təmin etməyə sadiq olduğunu vurğulayıb. Baş nazirin digər paylaşımında iqlim tədbirlərinin investisiya, yeni iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsət olduğu qeyd edilib.
Enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend isə Britaniya hökumətinin iqlim təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi qəbul etdiyini bildirib.
Xarici işlər naziri Devid Lemmi COP29-la bağlı paylaşımında Britaniyanın təmiz enerjinin inkişafını sürətləndirmək, iqlim dəyişikliyinə qarşı mübarizədə özəl sektordan maliyyə vəsaitlərinin cəlb edilməsi və təbiəti qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda liderlik etdiyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London