MƏDƏNİYYƏT
Britaniyalı rejissorun hazırladığı tamaşa Gənc Tamaşaçılar Teatrının səhnəsində göstəriləcəkdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079269384491335386_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269385141830446_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalı keçiriləcəkdir.
Festival çərçivəsində noyabrın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Böyük Britaniyanın Dorset Kukla Teatrı Kompaniyasının təqdimatında “British Coucil”un təşkilatçılığı ilə “Asılmış vəziyyətdə” tamaşası nümayiş olunacaqdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşanın nümayişindən əvvəl, yəni noyabrın 8-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında tamaşanın quruluşçu rejissoru Stefan Motram tərəfindən teatrsevərlər üçün müzakirələr keçiriləcəkdir.
İnsan hərəkətlərinin xırdalıqlarına kimi, diqqətlə nümayiş olunduğu tamaşada beynəlxalq dil maneələri mövcud deyil, çünki burada söz ifadələrindən istifadə olunmamışdır. Səhnə əsərində yalnız kuklalar maraqlı hərəkətlər edir, dinamik musiqi isə tamaşaçıların diqqətini çəkir. Böyüklər üçün nəzərdə tutulmuş tamaşa səhnəni izləyən hər kəsə maraqlı gələcəkdir.