MƏDƏNİYYƏT
“British Council” və “Pasha Bank” Azərbaycanın kütləvi informasiya vasitələrini dəstəkləməkdə davam edirlər
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycanda “British Council” təşkilatı “Pasha Bank” ilə birlikdə kütləvi informasiya vasitələrində biznes mövzuları işıqlandıran jurnalistlər üçün tədris proqramı elan edir.
“British Council” təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu layihə jurnalistlər üçün nəzərdə tutulmuş və 2011-2012-ci illərdə müvəffəqiyyətlə həyata keçirilmiş əvvəlki layihələr üzərində qurulmuşdur.
Builki layihədə xüsusi media kursunun hazırlanması və həyata keçirilməsi, məşhur qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin redaksiyalarında olmaq, təcrübə mübadiləsi aparmaq, habelə aparıcı jurnalistlərlə görüşmək məqsədi ilə iki jurnalistin Böyük Britaniyaya getməsi nəzərdə tutulmuşdur.
Layihə xüsusi hazırlıq proqramı çərçivəsində milli kütləvi informasiya vasitələri işçilərinin professional qabiliyyətinin və vərdişlərinin möhkəmləndirilməsinə yönəldilmişdir.
Təşkilatçılar ölkədə doğru-düzgün və peşəkar məlumatlandırma nümunəsi kimi aparıcı jurnalistlər qrupu yaratmaq, habelə Azərbaycanda biznes sahəsi ilə bağlı materialın işıqlandırılması standartlarının yüksəldilməsinə kömək göstərmək niyyətindədirlər.
“British Council” və “Pasha Bank” Azərbaycanda aparıcı informasiya və teleyayım agentliklərini, o cümlədən “Caspian International Broadcasting”, “ANS TV”, “Kəpəz TV”, “Trend”, “MIA”, “Region Plus” və “Business Times” informasiya qurumlarını təmsil edən 12 peşəkar işgüzar jurnalist seçmişlər.
Proqram Avropanın ən böyük media təşkilatlarından biri olan Böyük Britaniyanın “Thomson Foundation” təşkilatının dəstəyi ilə keçirilir. Bu media təşkilatı kütləvi informasiya vasitələrinin yaradılmasına və dəstəklənməsinə imkanlar açır, KİV-lərin yüksək etika və professionallıq standartlarını yayır.