BRÜSSELDƏ ŞUŞA VƏ LAÇININ İŞĞALININ İLDÖNÜMÜ İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 15-də Brüsseldə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Şuşa və Laçın rayonlarını işğal etməsinin növbəti ildönümü ilə bağlı etiraz aksiyası keçirilmişdir.Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının fəxri prezidenti Fuad Hümbətovun və Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovun təşəbbüsü ilə Avropa Komissiyasının inzibati binası yaxınlığında keçirilən aksiyaya Azərbaycan diasporunun fəalları ilə yanaşı, Fransa, Belçika və
Hollandiyada təhsil alan azərbaycanlı tələbələr də qoşulmuşlar.
Hollandiyada təhsil alan azərbaycanlı tələbələr də qoşulmuşlar.Çıxışlarda erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və bu təcavüz faktına beynəlxalq təşkilatların göz yumması bir daha pislənmişdir. Tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri ingilis, fransız və alman dillərində səsləndirməklə bərabər, ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri cinayətləri əks etdirən köynəklər geyinmiş, hər hərfin bir köynəyin üzərində yazıldığı şüar sərgiləmişlər. Şüarda “İşğalçı Ermənistana DAYAN deyin!” sözləri yazılmışdır. 200-dək adamın iştirak etdiyi aksiya Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatmışdır.
Sonda Avropa Parlamenti və Avropa Komissiyasına Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlı rəsmi bəyanat təqdim edilmişdir.